“əhali arasında maarifləndirmə işləri aparırıq. Çünki əhali bilməlidir ki, əmlak və torpaq vergisini vaxtında verməlidir”-bu fikirləri Belediyye.info saytına açıqlamasında Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Vüqar əliyev deyib. Onun sözlərinə görə, bələdiyyənin əsas vəsaiti vergilərdən yaranır: “Biz kənarda olduğumuz üçün bir az çətinliyimiz vardı. Amma indi əhali arasında ciddi maarifləndirmə işləri aparıldı. Bu gün sakinlər artıq vergiləri ödəməyə başlayıb. Yanvar ayına qədər vergilərin yığımı sıfır həddində idi. Son bir ay ərzində əhali həm borclarını, həmdə vergilərini ödəməyə başlayıb. Buranın əhalisi kasıb olduğu üçün vergini az da olsa ödəyirlər. Ayın sonunda hesabat hazırlayacağıq və onda konkret bilinəcək ki, nə qədər vergi toplanıb”.
V.əliyev qeyd edib ki, hazırda bələdiyyə tərəfindən inventarlaşdırma aparılır: “Məqsəd ərazidəki mənzillərin hazırki durumunu öyrənməkdir. Qeyd edim ki, 2000-2005-ci illərdə zəbt olunmuş torpaqların üzərində evlər tikilib. Onların bir qisminin bələdiyyə sənədi var, qalanların isə yoxdur. Biz tədbir və görüşlərdə bu məsələləri mütəmadi qaldırırıq. Belə qənaətə gəlindi ki, vətəndaş həmin evdə yaşayırsa, işığın və qazın ödənişlərini edirsə, deməli əmlakın vergisini də verməlidir. Ona görə də həmin sənədsiz evlərin ümumi sahəsi ölçülür, bildiriş vətəndaşa təqdim edilir. O da öz növbəsində həmin vergini poçt vasitəsiylə bələdiyyənin hesabına ödəyir.
Ümumiyyətlə, Müşfiqabad qəsəbəsində sənədsiz evlərin dəqiq sayını invertarlaşdırmadan sonra biləcəyik. Amma təxminən 1000-1200 sənədsiz ev var”.
Bələdiyyə sədrinin sözlərinə görə, Müşfiqabadda yerləşən məcburi köçkün şəhərciyinin ərazisi bələdiyyəyə aid olub: “Dövlət tərəfindən Qaçqın və Məsburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə verilib və əraziyə indi onlar cavabdehdir”.
V.əliyev deyib ki, burada yaşayan vətəndaşların probleminə köməklik göstərilməsi özü böyük bir addımdır: “Misal üçün, qəbiristanlığa gedən yol yağış yağanda keçilməz olurdu və dəfn mərasimin keçirməz zülmlü bir işə çevrilirdi. Bununla əlaqədar müəyyən qurumlara müraciət edib, həmin əraziyə çınqıl tökərək düzəltmişik. Eyni zamanda əhalinin yaşadığı ərazilərin yollarını, mərkəzi küçəni təmir etmişik.
Qaradağ rayonunda bir problem o idi ki, kommunal xidmətlər bizim rayona baxmırdı. Məsələn, elektrik enerjisi “Azərenerjiyə”, su “Azərsu”ya, qaz Abşeron rayonuna tabe idi. əhalinin problemi olanda biz ancaq xahiş edə bilirdik. indi “Azərsu” su-kanalizasiyanı Qaradağ rayonuna təhvil verib və bundan sonra nə isə tələb edə biləcəyik. Vətəndaşlar arasında müəyyən nüfuzu bərpa etmişik və çalışırıq ki, bələdiyyənin səviyyəsini yüksəldək. Ancaq görülən işlərlə biz əhalinin etimadını qazana bilərik.”
Bəxtiyar Məmmədli