"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vüqar Tofiqli: "ölkə vətəndaşları Azərbaycan dövlətinin yanında olmalıdır”

--2015-06-04 / 14:04

Azərbaycanda tarixi əhəmiyyəti ilə seçilən “Bakı-2015” I Avropa Oyunlarına qısa vaxt qaldı. Bu mötəbər idman yarışı ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir və cəmiyyətin hər bir üzvü öz vətəndaşlıq mövqeyindən çıxış edərək köməyini əsirgəmir. Məsələ ilə bağlı açıqlamasında “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin rəhbəri Vüqar Tofiqli deyib ki, I Avropa Oyunları Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq əhəmiyyətli idman yarışıdır. Onun sözlərinə görə, bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi müsbət məqamlardan xəbər verir: “I Avropa Oyunlarının məhz Azərbaycana həvalə olunması ölkəmizin dünyada özünəməxsus yer tutması ilə bağlıdır. Gənc olmasına baxmayaraq, ölkəmiz son 10 ildə durmadan inkişaf edib, Cənubi Qafqaz regionunun liderinə çevrilib. Siyasi baxımdan Azərbaycanın tutduğu yol beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi üçün münbit şərait yaradıb. Ermənistanın Azərbaycan torpaqlarını 23 ildən çoxdur işğal altında saxlamasına baxmayaraq, ölkəmiz müharibə şəraitində belə öz demokratik, hüquqi dövlət quruculuğu yolunda inkişaf edib. Bu gün isə I Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan dünyaya sülh çağırışı edir. Hesab edirəm ki, Oyunlar ərəfəsində avropalılar kifayət qədər ölkəmizin tarixi, mədəniyyəti, tolerantlığı barədə məlumatlar əldə etməklə yanaşı, həm də Qarabağ həqiqətləri barədə doğru-dürüst informasiyaya sahib olacaqlar. I Avropa Oyunları həm də iqtisadi baxımdan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, görülən işlərin nəticəsi olaraq xarici investorların ölkəmizə marağı artacaq və beləliklə Azərbaycan üçün böyük imkanlar yaranacaq. Çünki hər zaman bəyan edildiyi kimi Azərbaycana sərmayə yatırmaq istəyənlər üçün kifayət qədər münbit şərait yaradılır. Oyunlar zamanı Azərbaycana xeyli sayda turistlərlə yanaşı, idman yarışlarını işıqlandıracaq kütləvi informasiya nümayəndələri də gələcək. Bu da Azərbaycanın turizm sektorunda bir canlanma ilə müşayiət olunacaq və xidmət sahələrinin inkişafına, təkmilləşdirilməsinə gətirib çıxaracaq”. V.Tofiqli qeyd edib ki, bu məsələdə bələdiyyələrin də üzərinə böyük məsuliyyət düşür: “Bələdiyyələr bir çox ərazilərdə küçələrin təmizliyinə məsuliyyət daşıyır. Bu mənada bələdiyyələr I Avropa Oyunları ərəfəsində bu kimi məsələlərə diqqət yetirməli və öz imkanları çərçivəsində maksimum dərəcədə əllərindən gələni etməlidirlər”. Təşkilat rəhbəri Azərbaycana qarşı bir sıra beynəlxalq təşkilatlar və Avropa qurumları tərəfindən edilən hücumlar barədə məsələyə toxunaraq qeyd edib ki, bütün bunlar bir mənbədən qaynaqlanır. Onun sözlərinə görə, bu qarayaxma kampaniyaları Azərbaycanın ev sahibliyi etdiyi bütün tədbirlər ərəfəsində özünü göstərib: “Lakin hər zaman olduğu kimi I Avropa Oyunları ərəfəsində də Azərbaycan dövləti bütün maneələri dəf edəcək. Hesab edirəm ki, belə bir məqamda ölkə vətəndaşları Azərbaycan dövlətinin yanında və sabitliyi pozmağa çalışanların qarşısında olmalıdır”. 

teleqraf.com

ŞƏRHLƏR