Mingəçevir bələdiyyəsinin "Yerli sosial məsələləri" daimi komissiyasının sədri Zahid Qasımlının Belediyye.infoya verdiyi məlumata görə, yerli (bələdiyyə) büdcəsinin gəlir mənbələrindən biri də mehmanxana rüsumlarıdır.
Komissiya sədrinin sözlərinə görə, Mingəçevir bələdiyyəsi bu sahədə işi canlandırmağa çalışır. Bu gün şəhərdə fəaliyyət göstərən 11 mehmanxanadan 8-dən bələdiyyə tələb olunan bəyannaməni ala bilir. Rübdə bir dəfə olmaqla mehmanxana sahibləri bələdiyyəyə 3 ay ərzində neçə qonaq gecələdiyi (adam/saat) barədə bəyannamə-məlumat verir. Hər adam üçün 1,10 manat rüsum ödənilməlidir.
Z.Qasımlının fikrincə, mehmanxana sahibləri göndərdikləri bəyannaməyə görə, rüsumu ödəyirlər. Amma əsl fakt göstərilmir. Dəqiq qonaq sayı gizlədilir. Ona görə də rüsum gözləniləndən az ödənilir. Nəzərə alsaq ki, mehmanxanalardan 3-ü dördulduzludur, ödənişin düzgün aparılmadığını yəqin etmək olar.
Ötən il mehmanxana rüsumundan bələdiyyə büdcəsinə 1515 manat vəsait daxil olub. Bu ilin 8 ayında 1326 manat yığılıb. ilin sonunadək toplanacaq vəsaiti də nəzərə alsaq, ötən ildəkindən çox mehmanxana rüsumu toplanacağı gözlənilir.
Amma qeyd etdiyimiz kimi, sahibkarların verdikləri bəyannamələrdəki məlumatlar həqiqəti əks etdirmir. Hətta bəyannamə verməkdən imtina edən mehmanxana sahibləri də vardır. (dördulduzlu ”Ağsaray”, “Azpetrol”MMC, “Osman-hotel”)
Belediyye.info
12/09/2016