“Cari il ərzində altı dəfə bələdiyyənin iclasını keçirmişik”. Bu fikirləri belediyye.info saytına açıqlamasında Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov deyib. Onun sözlərinə görə, iclaslarda vergilərin yığılması, bələdiyyədə yeni ştatın təşkil olunması, büdcənin, iş planının müzakirəsi, komissiyaların yaradılması, abadlıq-quruculuq işləri, o cümlədən I Avropa Oyunları ilə bağlı divarlara posterlərin vurulması, dairəvi yola ağacların alınması, bayram tədbirlərinin keçirilməsi və bələdiyyəyə müraciət edən imkansız ailələrin məktublarına baxılması və digər məsələlər müzakirə edilib: “Bələdiyyədə keçirilən iclaslardan sonra qəbul edilmiş qərarlar ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilir. Biz qəbul etdiyimiz qərarları maksimum bir həftə ərzində Bələdiyyələrlə iş Mərkəzinə göndəririk. Qərarlarda yer alan məsələlərdən biri növbəti iclasa qədər öz həllini tapmadıqda biz həmin məsələni yenidən müzakirə edirik və hansı səbədən həll edilməməsini araşdırırıq”.
Z.Cəfərov deyib ki, əmlak və torpaq vergisini toplamaq çətindir. Onun fikrincə, bələdiyyə son 5 ayda bu vergilərdən cəmi 50 faizini toplaya bilib: “Bələdiyyənin fəaliyyətində hər hansı problemlər olduqda icra hakimiyyətinə müraciət edirik. Onlarda bizə lazımi köməklikləri göstərirlər. Bu qurum indiyədək bizim fəaliyyətimizə maneələr yaratmayıb”.
Bəxtiyar Məmmədli